“Ottava Konvensiyası imzalandıqdan və Oslo prosesindən sonra dünyadakı tendensiyalar” mövzusunda dəyirmi masa keçirilib
[
07 Noyabr 2008 13:07 ]
Bakı. Ramil Məmmədli – APA. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “Ottava Konvensiyası imzalandıqdan və Oslo prosesindən sonra dünyadakı tendensiyalar” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, ictimai birliyin sədri Hafiz Səfixanov xatırladıb ki, 2007-ci il fevralın 22-23-də 46 ölkə, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Kasetli Silahlar Koalisiyasının Norveçin paytaxtı Oslo şəhərində keçirilən konfransda mülki əhaliyə zərər verən kasetli silahların istifadəsi, istehsalı və yayılmasını qadağan edən Bəyannamə imzalanıb. O, son 15-20 ildə minlərlə mülki şəxsin bu bombaların partlaması nəticəsində öldüyünü və ya əlil olduğunu deyib: “Hərbi əməliyyatlar zamanı təyyarədən atılan bu bombaların bəziləri partlamır və sonradan mülki şəxslər üçün ciddi problemə çevrilir. Hesablamalara görə, kasetli bombalardan ölənlərin 81 faizi mülki şəxsdir. Onların 21 faizi isə azyaşlı uşaqlardır”.
Norveçin Azərbaycandakı səfiri Yon Ramberq kasetli bombalarla mübarizə istiqamətində vətəndaş cəmiyyətinin fəaliyyətini əhəmiyyətli saydığını bildirib. Onun sözlərinə görə, dövlət mina qurbanlarına həm mənəvi, həm də maddi dəstək göstərməlidir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Ton Vandenxof isə problemin humanitar aspektlərinə toxunub. O, ümid etdiyini bildirib ki, dekabrın 3-də digər ölkələrlə yanaşı, Azərbaycan da Osloda keçiriləcək konfransda bu konvensiyaya qoşulacaq.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov “Azərbaycanda minaların yaratdığı vəziyyət – reallıqlar və problemlər” mövzusunda çıxış edib. O da Azərbaycanın Oslo Konvensiyasını imzalamasının əhəmiyyətindən danışıb.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az