Ana səhifə > Xəbər >
Media
“Kütləvi İnformasiya Vasitələrində peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
[
27 Oktyabr 2009 14:31 ]

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə “Kütləvi İnformasiya Vasitələrində peşəkarlıq probleminin yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən fondun layihə üzrə koordinatoru Nəzirməmməd Quliyev bildirib ki, son zamanlar “reket”çiliklə məşğul olan mətbuatı ölkədən yığışdırmaq nəinki mümkün olub, əksinə bu kimi media orqanlarının fəaliyyət çərçivəsi daha da genişlənib, hətta belə şəxslərin qəzetlər şəbəkəsi belə yaranıb. N. Quliyevin sözlərinə görə, KİV-lərdə qeyri-peşəkarlığın yaranmasının səbəblərindən biri də reklam uğrunda aparılan qeyri-sağlam mübarizənin yaratdığı fəsadlardır.
APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı çıxışında bildirib ki, ölkədə “reket” mətbuatın qarşısını almaq üçün Ədliyyə Nazirliyində müntəzəm monitorinqlər aparılmalıdır: “Bu istiqamətdə dövlətin və Mətbuat Şurasının birgə işinə ehtiyac var. Ümumilikdə isə mən “reket” mətbuatı peşəkarlıq problemi ilə qarışdırmaq istəməzdim. Peşəkarlıq tirajlı, sanballı, ictimai fikrə az-çox təsir edən mətbuata aid olan bir şeydir”. V. Mahirqızının sözlərinə görə, hazırda Azərbaycan mediasında reklam uğrunda mübarizə getmir: “Televiziyalara bəzi şərtlərlə reklamlar verilir. İnternet saytları arasında az və ya çox dərəcə bu rəqabət gedir. Yazılı mediada isə ümumiyyətlə reklam qazanmaq uğrunda mübarizə getmir. Əgər Azərbaycan mətbuatında reklam uğrunda mübarizə getsəydi, mətbuata biznes vasitəsi kimi baxılardı”. V. Mahirqızının sözlərinə görə, peşəkarlıq probleminin əsas həll yolu kadr hazırlığından keçir: “Media orqanları ən müxtəlif təkliflər verib, tezislər təklif edə bilərlər. Amma bu tezisləri işləməyi bacaran jurnalistlər olmalıdır. Bizim elə jurnalistlərimiz yoxdur”.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli isə bildirib ki, ölkədə kifayət qədər peşəkar jurnalistlər var. Amma onların əksəriyyəti mətbuatdan uzaqlaşıblar: “Nəyə görə peşəkarlar mətbuatdan gedirlər? Azərbaycan mətbuatının peşəkarlıq problemi yoxdur, peşəkarı saxlamaq və onların potensialından istifadə etmək problemi var”.
|