Ana səhifə > Mədəniyyət >
Ədəbiyyat
Çingiz Abdullayev: “Azərbaycan mütaliə səviyyəsinə görə Gürcüstan və Ermənistandan geri qalır”
[
08 Fevral 2010 17:38 ]

Bakı. İbad Bağırov - APA. Gənclər və İdman Nazirliyi, İrəli İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” sessiyası çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib . APA-nın məlumatına görə, görüşdə Ç. Abdullayev bu kimi tədbirlərin keçirilməyini yüksək qiymətləndirib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Azərbaycanda Yazıçılar Birliyinin 1500 üzvü olduğunu qeyd edən katib, öz qonorarı hesabına yaşayan yeganə yazıçı olduğunu deyib: “Gəlirlərimin hamısı kitablardan, kinolardan, ssenarilərdəndir. 20 ildən artıqdır ki, Azərbaycandan pul almıram”. Xalq yazıçısı Qarabağ azad olmayınca Azərbaycanda çap olunan əsərlərinə görə pul almayacağını vurğulayıb. Kitablarının dünyada 27 dilə tərcümə olunduğunu bildirən Ç. Abdullayev gələcək planlarından da söz açıb. Yazıçı qeyd edib ki, yaxın vaxtlarda onun əsəri 28-ci dilə - Çin dilinə tərcümə olunacaq: “Hazırda tərcümə üçün icazə alınır. Eyni zamanda bildirim ki, bu vaxta kimi mənim ssenarilərim əsasında 8 film çəkilib. 9-cu filmin isə artıq çəkilişləri başlanılıb və bu film rejissor Ənvər Əbluc tərəfindən çəkilir. Sözügedən ekran əsəri Azərbaycan və İranın müştərək istehsalı olacaq”. Gənclərin mütaliə səviyyəsinə də toxunan yazıçı, hazırda bununla bağlı Azərbaycanda vəziyyətin ağır olduğunu açıqlayıb: “Statistikaya görə, bu gün Avropada mütaliə səviyyəsi 70%, İngiltərədə 62%, Sankt-Peterburqda 58%, Gürcüstanda 31%, Ermənistanda 29% təşkil etdiyi halda, Azərbaycanda bu cəmi 8% təşkil edir. Bu nəticənin dəyişməsi üçün biz gərək lazımi tədbirləri görək. Heç olmasa Gürcüstan və Ermənistana çatmalıyıq”.
|