Fuad Poladov: “Getmək və ya qalmaq barədə qərarı hər zaman mən özüm verirəm” – FOTO
[
09 Fevral 2010 14:15 ]
Bakı. Ülkər Qasımova – APA. “Məni hələ bu vaxta qədər heç kim heç yerdən çıxarmayıb. Getmək və ya qalmaq barədə qərarı hər zaman mən özüm verirəm. İbrus Teatrından çıxarılmağımla bağlı mətbuatda yazılanlar həqiqətə uyğun deyil”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti Fuad Poladov deyib. İbrus Teatrından çıxarılması barədə mətbuatda yazılanlara münasibət bildirən F. Poladov qeyd edib ki, səhhəti ilə əlaqədar akademik məzuniyyət götürdüyü üçün tamaşalarda oynamır: “Bir müddət əvvəl “Tsvetok kaktus” tamaşasında yıxılmışam və ayağımı möhkəm əzmişəm. Ona görə də uzunmüddətli müalicədəyəm. Səhhətimlə bağlı problemlər həll olunduqdan sonra qayıdıb tamaşalarımı oynayacağam. Hələ müalicəm davam edir”.
İbrus Teatrından Leyla Əfəndiyeva da Fuad Poladovun işdən çıxarılmadığını və müddətli məzuniyyət götürdüyünü söyləyib: “Mən Fuad Poladovun sadəcə bu mövsümdə işə gəlmədiyini demişəm. Bu isə müvəqqəti xarakter daşıyır, yəni Fuad Poladov işdən çıxmayıb. Onu yenə də İbrus Teatrında tamaşalarda görəcəksiniz”.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az