Bakı. Ülkər Qasımova – APA. Fevralın sonlarında yerli televiziyaların birində nümayiş olunacaq valideyn himayəsindən məhrum olan istedadlı uşaqlar arasında “Sən bir nəğməsən” mahnı yarışması haqqında Türkiyənin “Kanal D” kanalında xüsusi süjet yayımlanacaq. APA-nın məlumatına görə, türkiyəli qonaq Davud Güloğlunun qonaq olduğu verilişdə “Kanal D” televiziya kanalının çəkiliş qrupu da iştirak edib və çəkim müddətində xüsusi çəkiliş aparıblar. Türkiyənin media mənsubları bildiriblər ki, bu həftənin şənbə günü hazırlanan süjet “Kanal D” ekranlarında yayımlanacaq. Verilişin qonağı Davud Güloğlu isə Azərbaycanda belə bir layihənin həyata keçirilməsindən məmnunluğunu dilə gətirib və layihə təşkilatçılarının bununla böyük savab qazandıqlarını vurğulayıb.
Çəkim ərəfəsində müsabiqə iştirakçılarının hər birinin həyat hekayələri göstərilib. Hekayələri diqqətlə izləyən qonaq müğənni, eləcə də müsabiqənin təşkilatçısı Nahid Emiloğlu ağlayıblar. Davud Güloğlu iştirakçılardan biri ilə “Yalanmı” mahnısını duet oxuyub. Türkiyəli müğənni uşaqların istedadına heyran qaldığını bildirib və onlara bu sənət yolunda bacardığı qədər kömək edəcəyini vurğulayıb. Verilişin tam sonuna kimi qalan qonaq müğənni bütün həmkarlarını bu layihədə təmənnasız iştiraka səsləyib.
N. Emiloğlu APA-ya açıqlamasında bildirib ki, Müsabiqə iştirakçıları hazırlıq dövründə Rafet El Romanla, Davud Güloğlu ilə görüşüblər: “Hazırda verilişin çəkilişləri gedir və bu layihənin çox maraqla qarşılanacağına əminik. Çünki bu günə kimi Azərbaycanda bu cür bir layihə həyata keçirilməyib. Biz bunun əsasını qoyuruq. Düz 14 kimsəsiz uşağın taleyini dəyişmək istəyindəyik. Bu yolda ilk addımlarımızı atmışıq və bizə dəstək olanlara təşəkkürümüzü bildiririk”.
Layihə rəhbərinin sözlərinə görə, yaxın vaxtlarda bu verilişdə qonaq qismində Türkiyənin tanınmış müğənniləri Səlami Şahin, İsmayıl YK, Nəşə Qaraböcək, Ümid Bəsən, Doğuşun iştirakı gözlənilir: “Adlarını sadaladığım müğənnilərlə artıq danışıqlarımız olub və ilkin razılıqları var. Çox qısa zamanda bu layihəni reallaşdırmağı düşünürük. Hələlik verilişin ilk həftəsinin çəkilişləri baş tutub. Veriliş 16 həftə davam edəcək. Həmin uşaqların təhsil almasını, internatdan ayrıldıqdan sonra iş yeri ilə təmin olunmasını təmin edəcəyik. Yarışmanın əsas mükafatı isə ev olacaq”.
Qeyd edək ki, “Sən bir nəğməsən” mahnı müsabiqəsinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az