İncəsənət Gimnaziyasında xalq şairi Nəbi Xəzrinin 85 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
[
09 Fevral 2010 15:48 ]
Bakı. Ülkər Qasımova-APA. Fevralın 9-da Respublika İncəsənət Gimnaziyasında mərhum xalq şairi Nəbi Xəzrinin 85 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. APA-nın məlumatına görə, şairin səsi ilə lentə alınmış şeirin sədaları altında başlanan tədbirdə, mərhum şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. Xalq şairi Nəriman Həsənzadə Nəbi Xəzrin yalnız şair olaraq deyil, həm də bir insan, dost kimi də böyüklüyündən danışıb. Onun Xəzri adını özünə təxəllüs götürməsinin də təsadüf olmadığını deyib: “Nəbi Xəzəri, çinarı, ləpələrin səsini çox sevirdi. Ona görə də bunlar onun şeirinin özəyini təşkil edirdi. Xəzri təxəllüsü seçməsi məhz bu sevgidən qaynaqlanırdı. Ümumiyyətlə, Nəbi Xəzri yaradıcılığı çox geniş sahəni əhatə edir. Lirik şeirləri, dramaturji əsərləri, publisistikası ilə ədəbiyyatımızda görkəmli yer tutub”.
Nəbi Xəzrinin yaxın dostu , xalq şairi Söhrab Tahir isə yubilyarın yalnız Azərbaycan ədəbiyyatında deyil, bütün Şərqdə daha çox lirik şair kimi tanındığını vurğulayıb: “Nəbi Xəzri lirikası bakirə, səmimi qalıb. Heç kim ora müdaxilə edə bilməz və tematik cəhətdən təkrarlaya bilməz”. Ədəbi-bədii gecə Nəbi Xəzrinin şeirlərinin və sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam edib.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az