Ana səhifə > Xəbər >
Media
“Gənc Liderlər üçün Qış Universiteti”nin iştirakçıları üçün “KİV ilə iş, media əlaqələrinin qurulması, KİV sektorunda müasir tendensiyalar” mövzusuna seminar keçirilib - YENİLƏNİB
[
09 Fevral 2010 16:40 ]

Bakı. Elnur Məmmədli-APA. “İrəli” İctimai Birliyinin təşkil etdiyi “Gənc Liderlər üçün Qış Universiteti”nin iştirakçıları üçün “KİV ilə iş, media əlaqələrinin qurulması, KİV sektorunda müasir tendensiyalar” mövzusuna seminar keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı rəhbərlik etdiyi təşkilatla bağlı iştirakçılara məlumat verib. Azərbaycanın media sahəsi ilə bağlı ümumi vəziyyəti iştirakçıların diqqətinə çatdıran V. Mahirqızı APA-nın onlayn jurnalistika ilə məşğul olduğunu bildirib. APA-nın iş prinsiplərindən danışan natiq müasir dünyada internetin böyük əhəmiyyətinin olduğunu, gənclərin sosial şəbəkələrdə aktiv iştirak etdiyini vurğulayıb: “İndiki halda Azərbaycanda oxucular xəbər portallarından Azərbaycan və rus dillərində informasiya ala bilirlər. Amma Azərbaycan dilində yayımlanan xəbər portallarının sayı son vaxtlar xüsusilə artıb”. Agentliyin iş prinsiplərindən danışan V. Mahirqızı ictimai-siyasi əhəmiyyətli xəbərlərin qurumun saytında açıq yerləşdirildiyini, iqtisadi xəbərlərin ilə bağlı olduğunu qeyd edib. Agentliyin yaranma tarixi barədə məlumat verən V. Mahirqızı APA-nın hazırda 5 dildə gündə 600-650 xəbər yaydığını vurğulayıb.
V. Mahirqızı tədbir iştirakçılarının bloqların KİV hesab olunub-olunmaması ilə bağlı suallarını cavablandırarkən bildirib ki, KİV-lər konkret qanunlar əsasında fəaliyyət göstərir. O, bloqların fəaliyyətinin isə hər hansı qanunla tənzimlənmədiyini qeyd edib. Agentlik rəhbəri hazırda dünyada KİV-lər arasında ciddi rəqabətin getdiyini və bu məsələdə elektron medianın önə çıxdığını bildirib: “Çünki elektron KİV-lər xəbərlərin oxuculara çatdırılması baxımından daha operativdirlər”.
Rəhbərlik etdiyi APA İnformasiya Agentliyi, Lent.az və Vesti.az portallarında kriminal xəbərlərin davamlı olaraq verilməsi, bunun bəzən ermənilərə Azərbaycanı qəddar xalq kimi təqdim etməsinə əsas yaratması barədə suala cavab olaraq V. Mahirqızı bildirib ki, jurnalist üçün ən önəmli məsələ informasiyanı yaymaqdır: “Digər tərəfdən isə bu gün Azərbaycan oxucusu məhz kriminal xəbərlərə üstünlük verir. Əgər həmin xəbərləri biz verməsək, başqa bir portal verəcək”.
İctimai Televiziya və Radio Verilişləri Şirkətinin Xəbərlər və Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu isə öz növbəsində şirkətin xəbər siyasəti barədə məlumat verib. A. Yusifoğlu bildirib ki, hazırda rəhbərlik etdiyi departament yeni layihələr üzərində işləyir.
A. Yusifoğlu bildirib ki. İTV xəbər siyasətində daha çox ciddi, ölkənin önəmli məsələləri ilə bağlı xəbərlərin işıqlandırılmasına diqqət ayırır.
V. Mahirqızı və A. Yusifoğlu Qış Universitetinin iştirakçılarının bir sıra suallarını cavablandırıblar.
|