Son xəbərlər
Gələn ildən “ASAN Xidmət” mərkəzlərində uşaqlarla bağlı hüquqi yardım mərkəzləri fəaliyyət göstərəcək

[ 18 Dekabr 2013 17:01 ]



Bakı. Gülnar Bəşirova - APA. “ASAN Xidmət mərkəzlərində 2014-cü ildən etibarən uşaqlara hüquqi yardım mərkəzləri fəaliyyət göstərəcək”.

 

APA-nın məlumatına görə, bunu Xətai “ASAN Xidmət” Mərkəzində UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyinə həsr olunmuş tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, eləcə də Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) sədri Əli Hüseynli deyib.

 

Ə. Hüseynli bildirib ki, bu xidməti layihənin bütün tərəfdaşları dəstəkləyir: "Nə üçün ASAN Xidmət Mərkəzləri seçilib? Çünki ASAN Xidmət mərkəzləri bütün insanların müraciət etdiyi, çox asan yolla dövlət orqanlarının xidmətlərindən istifadə edə bildiyi yerdir. Prezident İlham Əliyev də bir müddət əvvəl “ASAN Xidmət” mərkəzlərinin şəffaf fəaliyyətini vurğulayıb. Cənab prezident qeyd edib ki, hələ bir ili tamam olmamasına baxmayaraq, yüz minlərlə insan bu xidmətdən bəhrələnib. Uşaqlar bizim üçün həssas bir təbəqədir deyə bütün tərəfdaşların marağı ondan ibarətdir ki, uşaqlara da göstərilə bilən hüquqi xidmətlər “ASAN Xidmət”də olsun. İnanıram ki, artıq gələn ildən fəaliyyət göstərəcək bu layihə öz bəhrəsini verəcək".

 

O, həmçinin əlavə edib ki, UNİCEF Azərbaycanda Heydər Əliyev Fondu ilə birgə bir sıra layihələr həyata keçirib. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA təşkilatının sədri Leyla Əliyevanın yaxından dəstək verdiyin bu layihələrin böyük bir qismi uşaqlarla bağlıdır.