Son xəbərlər
Dövlət komitəsi uşaq televiziyasının yaradılması ilə bağlı müvafiq qurumlara müraciət edib

[ 26 Dekabr 2013 12:55 ]


Gələn il Azərbaycan uşaqlarının III ümumrespublika forumu keçiriləcək

Bakı. Könül Kamilqızı - APA. Gələn il Azərbaycan uşaqlarının III ümumrespublika forumu keçiriləcək.

 

APA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva komitənin 2013-cü il üçün yekun kollegiya iclasında məlumat verib. O bildirib ki, Azərbaycan uşaqlarının III ümumrespublika forumunun oktyabr-noyabr ayında keçirilməsi nəzərdə tutulub. Gələn ilin yanvar ayından etibarən forumla əlaqədar tədbirlər planının hazırlanacağını deyən komitə sədrinin müavini əlavə edib ki, hər zaman forumun keçirilməsinə Heydər Əliyev Fondu və UNİCEF dəstək olur: “Budəfəki forumun keçirilməsinə də rayon icra hakimiyyəti və Təhsil Nazirliyinin dəstəyinə ehtiyacımız olacaq. Forumun keçirilməsində məqsəd uşaqları öz hüquqları ilə bağlı qərarların qəbul edilməsinə cəlb etmək, bunun dövlət tərəfindən təmin edilməsidir. Azərbaycan uşaqlarının I ümumrespublika forumu 2009-cu ildə, II ümumrespublika forumu 2011-ci ildə keçirilib, III ümumrespublika forumu isə 2013-cü ildə keçirilməli idi. Lakin Azərbaycan qadınlarının qurultayı və digər tədbirlərlə əlaqədar forumun vaxtı 2014-cü ilə dəyişdirilib və gələn il təşkil olunacaq”.

 

A.Sofiyeva qeyd edib ki, forum çərçivəsində ən mühüm işlərdən biri rayonlardan seçimlərin aparılmasıdır. Birinci forumda 56 rayondan 250, ikinci forumda 85 rayondan 283 uşağın iştirak etdiyini deyən komitə rəsmisi bildirib ki, üçüncü forumda da bütün rayon və şəhərlərində 300-ə yaxın uşağın iştirakı gözlənilir: “Gələn il mayın sonlarına kimi seçimlər yekunlaşdırılacaq, oktyabr ayına kimi isə seçilmiş uşaqlar üçün treninqlər keçiriləcək. Azərbaycan uşaqlarının III ümumrespublika forumunda yekun bəyannamə qəbul edilib, uşaqlar arzu və təkliflərini bildiriblər. Burada öz əksini tapan bir çox məsələlər həll edilib. Lakin uşaqların arzusu olan bəzi məsələlər hələ də öz həllini tapmayıb. Belə ki, bəyannamədə öz əksini tapan uşaq televiziyasının yaradılması ilə bağlı müvafiq qurumlara müraciət edilib. Çalışacağıq ki, Azərbaycan uşaqlarının III ümumrespublika forumu keçirilənə kimi uşaqların arzu və istəklərinin hər biri həll edilsin”.