“InterSystems” şirkəti Cənubi Qafqazda ilk tərəfdaşı ilə müqavilə imzalayıb
[
08 Fevral 2010 17:36 ]
Bakı. Aynur Vəliyeva - APA-ECONOMICS. Azərbaycanın “Trust-ST” şirkəti Rusiyanın “InterSystems” şirkəti ilə müqavilə imzalayıb.
«APA-ECONOMICS»in məlumatına görə, “InterSystems” şirkətinin satış üzrə direktoru Viktor Abramov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda MDB məkanında aktiv inkişaf edən ölkələr Rusiya, Qazaxıstan və Azərbaycandır: “Rusiya və Qazaxıstanla əməkdaşlıq edərək Azərbaycana fikir verməməyimiz təəccüblü olardı. Bu maraq qarşılıqlıdır və “Trust-ST” şirkəti ilə yanaşı, bir sıra digər Azərbaycan şirkətləri bizim məhsul və texnologiyalara maraq göstərib. Azərbaycanda bizim tərəfdaşımız olan “FinStrim” şirkəti fəaliyyət göstərir. Artıq Azərbaycanın dövlət müəssisələrindən birində pilot layihəyə start verilib”.
Müqavilənin şərtlərinə əsasən “Trust-ST” şirkəti “InterSystems” şirkətinin “Cache” Məlumat Bazalarının İdarə Edilməsi Sistemi, “Ensemble” inteqrasiya platforması kimi məhsullarının dəstəklənməsi və müşayiətini həyata keçirəcək.
Bununla yanaşı, şirkət Azərbaycanın maliyyə və səhiyyə bazarlarında biznesin inkişafı üzrə imkanların açıldığını bildirib. “InterSystems” ilə əməkdaşlıq “Trust-ST” şirkətinə onun məhsulları ilə yanaşı, tərəfdaşlarının məhsullarını da Azərbaycanda təklif etmək imkanı yaradır.
Xatırladaq ki, “Trust-ST” şirkəti Azərbaycanda sistem inteqratoru kimi fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri bankomat, terminal qurğuların, informasiya köşklərinin təchizatı, şəbəkənin yaradılması və s.-dir.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az