ATƏT Parlament Assambleyasının rəhbəri: “Ukraynadakı seçkilər hər kəsin qələbəsi ilə nəticələnib”
[
08 Fevral 2010 17:50 ]
Bakı. Viktoriya Dementyeva – APA. Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ATƏT və Avropa Şurasının tələblərinin böyük əksəriyyətinə cavab verib. APA-nın xəbərinə görə, bu qiymət beynəlxalq müşahidəçilərin birgə bəyanatında əksini tapıb. Bəyanatda deyilir ki, prezident seçkiləri ciddi irəliləyişin olduğunu nümayiş etdirib, lakin namizədlər arasında qarşılıqlı etimadın olmaması və qeyri-təkmil hüquqi bazanın mövcudluğu problemlərinin həlli yeni rəhbərliyin təxirəsalınmaz vəzifələridir.
ATƏT Parlament Assambleyasının prezidenti Joao Suares bildirib ki, səsvermə və səslərin sayılmasının peşəkar, şəffaf, ədalətli təşkili hakimiyyətin sülh yolu ilə təhvil verilməsi üçün möhkəm təməl kimi qəbul olunmalıdır: “Dünənki səsvermə demokratik seçkilərin təsirli təzahürü oldu. Bu seçkilər Ukraynada hər kəsin qələbəsidir. Ölkənin siyasi liderləri üçün xalqın qərarına qulaq asaraq hakimiyyətin dinc, konstruktiv yolla təhvil verilməsini təmin etmək vaxtı çatıb”.
Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Matias Yerşinin rəyi isə belə olub: “Bəziləri “narıncı inqilab”ın iflasa uğradığını deyir. Mən isə belə hesab etmirəm. Məhz “narıncı inqilab”ın sayəsində demokratik seçkilər Ukraynada reallığa çevrildi”.