Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) «Junior Achievement Azerbaijan» təşkilatı ilə birlikdə ali məktəb tələbələrinin iqtisadi biliklərinin artırılması məqsədilə «Karyera Günü» təşkil edib.
AMB-dən «APA-Econoimcs»ə verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının və Azərbaycan İqtisad Universitetinin «Junior Achievement Azerbaijan» təşkilatının üzvü olan 20-dən artıq tələbəsi iştirak edib. Tələbələrə AMB-nin ölkə iqtisadiyyatındakı rolu, bankın struktur bölmələri və onların iş prinsipləri haqda məlumat verilib.
AMB-nin Tədqiqatlar və İnkişaf Mərkəzi, İnsan Resursları, Beynəlxalq əlaqələr, Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət və Kommunikasiya departamentlərinin rəhbərləri tərəfindən tələbələrə Azərbaycanda bankçılıq tarixi, AMB-nin əsas funksiyaları, qlobal iqtisadi böhran zamanı atılan preventiv addımlar, bütövlükdə Azərbaycan bank sisteminin inkişafı üçün həyata keçirilən layihələr haqda ətraflı məlumat verilib.
Tədbirin proqramına uyğun olaraq müvafiq departamentlərin işi haqda məlumat təqdimatlar formasında nümayiş etdirildikdən sonra tələbələr sual-cavab sessiyasında da iştirak ediblər.