[
30 Aprel 2009 10:13 ]
Bakı-APA. Bu gün səhər Azərbaycan Neft Akademiyasının Dilarə Əliyeva küçəsində yerləşən yeni binasında atışma baş verib.
APA-nın məlumatına görə, insident Bakı vaxtı ilə 09.30 radələrində xarici vətəndaşlarla azərbaycanlı tələbələr arasında baş verib. İlkin məlumata görə, qaradərili bir tələbə odlu silahdan atəş açaraq üç azərbaycanlı tələbəni qətlə yetirib. Cinayət törədən şəxsin hazırda otaqların birində bir neçə tələbəni girov götürdüyü də bildirilir. Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə isə, hadisə zamanı 3 nəfər yaralanıb, bir nəfər isə ölüb.
*** İnsident baş verən yerin yaxınlığına çoxlu sayda təcili tibbi yardım maşını gətirilib. Bakı şəhər təcili tibbi yardım stansiyasından APA-ya verilən məlumata görə, insident zamanı ən azı 15 nəfər yaralanıb. Hazırda terrorçunun binada çoxlu sayda tələbəni girov saxladığı bildirilir. Girovların azad olunması və terrorçunun zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirilir.
*** Hadisənin şahidlərinin verdikləri məlumata görə, Azərbaycan Neft Akademiyasında baş verən insidentdə bir neçə silahlı şəxs iştirak edib. Hadisə zamanı ölənlərin sayının çox olduğu bildirilir. Hazırda tələbələrin binadan çıxarılmasına çalışılır.
***Terror aktının rus milliyyətindən olan maskalı şəxslərin törətdiyi bildirilir. Hadisə zamanı ölən və yaralananların sayının artdığı qeyd olunur. İlkin məlumata görə, ölənlər arasında Azərbaycan Neft Akademiyasının fakültələrindən birinin dekanı da var.
*** Daxili İşlər Nazirliyi Çevik Polis Alayının komandiri Səhlab Bağırovun APA-ya verdiyi məlumata görə, Azərbaycan Neft Akademiyasında silahlı qırğın törədən terrorçular artıq zərərsizləşdirilib. Hazırda binadan iki meyit çıxarılıb. Səhlab Bağırov terorçuların neçə nəfər olduğunu bildirməyib. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları isə binadan 8 meyitin çıxartdıqlarını bildiriblər.
*** APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, mətbuat nümayəndələri daxili işlər nazirinin müavini Cavanşir Məmmədovun göstərişi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Hazırda jurnalistlər terror hadisəsi baş verən binadan 50 metrlik məsafədə dayanıblar. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev mətbuat nümayəndələrinə hadisə barədə açıqlama veriləcəyini deyib.
Daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov artıq hadisə yerini tərk ediblər. Ölən dekanın qadın olduğu bildirilir.
Şahidlərin bildirdiyinə görə, iki terrorçu tələbləri bir auditoriyaya yığaraq, polisə xəbərdarlıq edib, binadan çıxmalarına şərait yaradılmasını istəyib. Terrorçular əks halda girovları öldürməklə hədələyiblər.
*** Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya ölən və yaralananların sayının dəqiq məlum olmadığını bildirib: “Ölən və yaralananları kütləvi şəkildə maşınlarla xəstəxanalara daşımışıq. Dəqiq say hələlik məlum deyil”.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az