Bakı. Laçın Sultanova - APA. Sentyabr ayında Azərbaycanın Ukraynadakı ilk səfirliyinin fəaliyyət göstərdiyi binaya xatirə lövhəsinin vurulması mərasiminin keçirilməsi planlaşdırılır. Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev deyib. O, Azərbaycanın Ukraynadakı ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin 1915-1918-ci illərdə Kiyevdə yaşadığını, bugünkü Taras Şevçenko adına Kiyev Dövlət Universitetində təhsil aldığını, ali məktəbi bitirdikdən sonra da orada qaldığını və Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən ilk səfir olduğunu xatırladıb: “Biz qohumlarının da köməyi ilə uzun müddət onun yaşadığı binanı axtardıq və Ukrayna Xarici İşlər Nazirliyinə bununla bağlı nota verdik. Notada xahiş etdik ki, Çəmənzəminlinin yaşadığı binanın üzərinə müvafiq lövhənin vurulmasına icazə verilsin. Biz bunu Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş tədbir kimi həyata keçirmək istəyirik. Ukrayna XİN bu təşəbbüsü dəstəklədiyini və bizim notanı Kiyev şəhər administrasiyasına göndərdiyini bildirdi. Administrasiyadan isə bizə dedilər ki, göstərilən küçə köhnə addır, indi bu adda küçə yoxdur. Biz artıq ikinci notanı təqdim etmişik və xahiş etmişik ki, həmin küçə təyin edilsin. Yəqin ki, bu məsələ yaxın vaxtlarda həllini tapacaq və biz sentyabrda təntənəli surətdə xatirə lövhəsini həmin binaya vuracağıq”.