Ana səhifə > Mədəniyyət >
İncəsənət
Azərbaycanın xalq artisti Telman Adıgözəlov dəfn olunub - FOTOSESSİYA
[
15 Aprel 2010 16:53 ]

Bakı. Ülkər Qasımova - APA. Aprelin 15-də səhər saat 4.00 radələrində dünyasını dəyişən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlovla vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, aktyorun evində təşkil olunan vida mərasimində Azərbaycanın çoxsaylı mədəniyyət, incəsənət, teatr xadimləri, eləcə də sadə insanlar iştirak ediblər. Mərhum alqış sədaları ilə cənazə maşınına qoyulub. Mərhumun oğlu və qızı atalarının ölümünə hələ də inanmadıqlarını bildiriblər.
Mərhumla uzun illər eyni teatrda işləyən xalq artisti Yaşar Nuri APA-ya bu itkidən təəssüfləndiyini bildirib: “İnanırsınız, məəttəl qalmışam. Nazim Hikmət demiş, “Nəslimin yarpaq tökümü başladı”. İki gün əvvəl onunla görüşmüşəm. İnanmıram... Telman Adıgözəlovun heç bir narahatlığı yox idi. Onun görəsi hələ çox iş var idi. Övlad toyu görməliydi. Telmanın deyilməmiş çox sözü, çox zarafatı qaldı”.
“Ondan ayrılmaq çox çətindir. Telman bizi güldürərdi, dərdimizi-sərimizi bizdən uzaqlaşdırardı. Amma özünün dərdi çox idi. Onun irili-xırdalı bütün obrazları yaddaşlardır. Böyük insan idi. Həm sənətdə, həm də ailədə ürəyində arzuları çox idi”. Bu sözləri isə Azərbaycanın xalq artisti İlham Əsgərov T. Adıgözəlovun ölümü ilə bağlı fikirlərini APA-ya bölüşərkən deyib.
Onunla tərəf müqabili olmuş xalq artisti Rasim Balayev də T. Adıgözəlovun ölümünə inanmadığını qeyd edib: “Özümə gələ bilmirəm. Telman çox şirin aktyor idi. O olan yerdə gülüş vardı, amma özü ciddi insan idi. Onun dünyasını dəyişməsi həm kino, həm də teatr üçün böyük itkidir”.
Xalq artisti Afaq Bəşirqızı T. Adıgözəlovla dünən bir saata yaxın telefonla danışdığını, mərhumun heç bir narahatlığının olmadığını söyləyib: “Heç bir şeydən şikayəti, narazılığını dilə gətirmirdi. Nə mənə, nə başqasına problemlərini deyərdi. Çox nadir şəxslərə qismət olur ki, gözəl sənətkar olmaqla yanaşı, gözəl də insan olsun. Telman heç vaxt heç kəsin xətrinə dəyməzdi. Elə vida mərasimində də Səməndər Rzayevin həyat yoldaşı dedi ki, “Mən ikinci dəfə tək qaldım. Çünki Telman yeganə insan idi ki, bizdən hal-əhval tuturdu”. Kaş heç olmasa bir balasının toyunu görəydi”.
T. Adıgözəlovun qardaşı Vaqif Adıgözəlov isə Azərbaycan kino və teatr tarixində unudulmaz rollar yaradan qardaşı üçün vida mərasiminin keçirilməməsindən təəssüfləndiyini dilə gətirib: “Mənim üçün çox çətindir, ancaq gərək belə olmayaydı. Telman sənət üçün yaşayıb. Onun üçün vida mərasiminin keçirilməməsi təəssüf doğurur”.
Qeyd edək ki, T. Adıgözəlov Fatmayi qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
Xatırladaq ki, Azərbaycanın xalq artisti Telman Adıgözəlov aprelin 15-də səhərə yaxın infarktdan 57 yaşında vəfat edib.
Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan «Dəli yığıncağı»nda Zəncirvuran, «Xurşidbanu Natəvan»da Daşdəmir, «Mahnı dağlarda qaldı»da Rəhman, «Maqbet»d’ Flins, «Közərən ocaqlar»da Xanəhməd, «İblis»də Şeypurçu, «Vaqif»də Təlxək, «Nişanlı qız»da Çeşməkli kişi, «Qədr gecəsi»ndə Oyunbaz, «Ah Paris…Paris!..»də Əhməd, «Mənim sevimli dəlim»də Professor, «Hələ «sevirəm» deməmişdilər»də Qumarbaz obrazlarını göstərmək olar.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış «Yaşıl eynəkli adam», «Ordan-burdan», «Qonşular», «Azərbaycanfilm» kinostudiyasında istehsal olunmuş «Nəsimi», «Üzü küləyə», «Mən dəniz sahilində böyümüşəm» kimi filmlərdə xarakterik rollar oynayıb.
T. Adıgözəlov 2000-ci ildə Azərbaycanın “Əməkdar artisti” və 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Allah Rəhmət eləsin!
|