Milli Məclisin sədri Oqtay Əsədov Norveç Krallığının ədliyyə və polis nazirini qəbul edib
[
08 Fevral 2010 19:13 ]
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov Norveç Krallığının ədliyyə və polis naziri Knut Storbergetin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, spiker ölkələr arasında əlaqələrin inkişafında parlamentlərin rolunun böyük olduğunu deyib. O. Əsədov bildirib ki, Milli Məclisdə Norveç parlamenti ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir: “Belə bir qurumun Norveç parlamentində də yaradılması qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olardı. Biz deputatlarımızın qarşılıqlı səfərlərini və müxtəlif beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdir edirik”.
Spiker Norveçin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirildiyini deyib. Qonaq ölkəsinin müstəqil Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib: “Bu gün Azərbaycanda neftçıxarma sahəsində Norveçin tanınmış şirkətləri fəaliyyət göstərirlər. Mənim ölkəm qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsini önəmli hesab edir”.