Naxçıvan. Elmar Hüseynov - APA. Naxçıvanda Ərtoğrul Cavidin anadan olmasının 90 illiyi münasibətilə Hüseyn Cavidin ev muzeyində tədbir keçirilib.
“Yarımçıq notlar” adlanan tədbirdə muzeyin direktoru Bəhruz Axundov Ərtoğrul Cavidin həyat və yaradıcılığı haqqında ətraflı danışıb. Sonra tədbirdə çıxış edənlər tərəfindən Ərtoğrul Cavidin “Sevgili yar gəlmiş idi”, “Eşq olsun”, “Səninlə olaydım” və digər şerlərə bəstələdiyi mahnılarından, “Cəbhədən məktub” simfonik balladasından, yarımçıq qalmış “Şeyx Sənan”, “Məhsəti” operalarından və bir sıra yarımçıq qalmış instrumental əsərlərindən ətraflı söhbət açılıb. Sonda Ərtoğrul Cavidə həsr olunmuş sərgiyə baxış olub.
Qeyd edək ki, Ərtoğrul Cavid dahi Azərbaycan şairi Hüseyn Cavidin oğludur. Bəstəkarlıqla yanaşı, rəssamlıqla da məşğul olub, şeirlər yazıb. 1943-cü ildə 24 yaşında vəfat edib.