Norveçin ədliyyə və polis naziri Azərbaycana səfərə gəlib
[
08 Fevral 2010 17:55 ]
Bakı. Hafiz Heydərov-APA. Norveç Krallığının ədliyyə və polis naziri Knut Storbergetin başçılıq etdiyi nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə Azərbaycana səfərə gəlib. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, norveçli nazir bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Sonra Knut Storberget ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.
Azərbaycan və Norveç arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən F. Məmmədov iki ölkənin ədliyyə nazirlikləri arasında əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. Azərbaycan və Norveç arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyən Knut Storberget səfərindən məmnun qaldığını vurğulamış, məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə əldə olunmuş nailiyyətləri təqdir edib.
Qonaq, həmçinin ölkəsi üçün aktual olan bir sıra məsələlərə toxunub, xüsusilə istintaq təcridxanalarında sıxlığın aradan qaldırılmasının, həbsin əvəzinə alternativ qətimkan tədbirlərinə üstünlük verilməsinin əhəmiyyətini vurğulayaraq, bu sahədə təcrübə mübadiləsinin səmərəsini qeyd edib.
Tərkibində nazir müavini və nazirliyin baş katibi olan nümayəndə heyəti Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, Azərbaycan-Norveç münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olublar.
Görüşdə Norveç Krallığının Azərbaycandakı səfiri də iştirak edib.
Daha sonra norveçli nazir Azərbaycanın penitensiar sahədə aparılan islahatları ilə yaxından tanış olmaq üçün yeni Bakı istintaq təcridxanasına baş çəkib.