Qohumlarını qətlə yetirən Salyan rayon sakini 15 il müddətinə azadlıqdan məhrum edilib
[
08 Fevral 2010 17:31 ]
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qayınını və onun həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Salyan rayon sakininə hökm oxunub. APA-nın xəbərinə görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Salyan rayonu Quyçu kənd sakini 1959-cu il təvəllüdlü Əliniyaz Əlihəsən oğlu Məmmədovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə təqsirləndirilən 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il avqustun 15-də saat 22.00 radələrində Salyan rayonunun Quyçu kənd sakini, 1959-cu il təvəllüdlü Əliniyaz Məmmədov həmin kənddə yaşayan bacanağı Hüseynov Nadir Akif oğlunun evinə gələrək, orada olan qayını, 1969-cu il təvəllüdlü Hüseynov Malik Nurəddin oğlunu və onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Əliyeva Aybəniz İbrahim qızını üstündə olan mətbəx bıçağı ilə ailə-məişət zəminində qətlə yetirib.
Təqsirləndirilən Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunur.