Sarı dənizdə Cənubi Koreya və Şimali Koreya gəmiləri arasında atışma olub
[
10 Noyabr 2009 12:10 ]
Pxenyan. Seul-APA. Sarı dənizdə Cənubi Koreya və Şimali Koreya gəmiləri arasında hərbi toqquşma baş verib. APA-nın məlumatına görə, toqquşma nəticəsində Şimali Koreya gəmisi ciddi zədə alıb. Gəmilər arasında atışma olması faktını ABŞ hərbi mənbələri də təsdiqləyiblər. Seul hökumətindən bildiriblər ki, Şimali Koreyanın patrul kateri qanunsuz olaraq iki ölkə arasında dəniz sərhədini keçib və Cənubi Koreya ərazilərinə doğru irəliləməyə başlayıb. Gəmini dayandırmaq üçün ilkin olaraq havaya atəş açılıb, daha sonra isə gəmini vurmağa qərar verilib. Havaya açılan atəşə Şimali Koreya gəmisi atəşlə cavab verib. Atışma nəticəsində ciddi zədə alan Şimali Koreya gəmisi öz ərazilərinə doğru çəkilməyə məcbur qalıb.