Səbail rayonundakı orta təhsil və mədəniyyət müəssisələrində Tofiq Quliyevin xatirəsinə həsr olunmuş mədəniyyət aylığı keçirilir
[
23 Noyabr 2009 11:22 ]
Bakı. Ülkər Qasımova – APA. Görkəmli Azərbaycan bəstəkarı, xalq artisti Tofiq Quliyevin doğum günü ilə əlaqədar Səbail rayonundakı orta təhsil və mədəniyyət müəssisələrində bəstəkarın xatirəsinə həsr olunmuş mədəniyyət aylığı keçirilir. Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bəstəkarın adını daşıyan 12 saylı Musiqi Məktəbində keçirilmiş tədbir də bu qəbildəndir. Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə bəstəkarın xatirəsinə həsr olunmuş konsert proqramı təşkil olunub. Konsert proqramı şairə Solmaz Amanovanın T. Quliyevin xatirəsinə həsr etdiyi şeirlə başlayıb. Sonra bəstəkarın Ənvər Əlibəyli, Zeynal Cabbarzadə, Süleyman Rüstəm və başqa şairlərin sözlərinə, “Bəxtiyar”, “Görüş”, “Onu bağışlamaq olarmı?” kino filmlərinə yazdığı mahnılar ifa olunub.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov konsert proqramının təşkilinə görə məktəbin kollektivinə təşəkkürünü bildirib.