Bakı-APA. Azər-Çex Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Çexiyadakı səfirliyimizin dəstəyi ilə fevralın 26-da Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə tədbir keçirilib.
Cəmiyyətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov, Lidiçe Xatirə Kompleksinin direktoru Miloş Çervençl və Xocalı rayon icra başçısının müavini Vahid Əliyev Lidiçe faciəsinin qurbanlarının xatirəsinə əbədi yanan məşəlin önünə əklil qoyublar.
Tədbirdə çıxış edən Lidiçe şəhəri İcra başçısı Yosef Klima elan edib ki, qəsəbənin yeni tikiləcək küçələrindən birinə Xocalı adı veriləcək.
Bundan sonra Xocalı faciəsi haqqında Heydər Əliyev Fondunun hazırladığı sərgi nümayiş olunub, Qarabağ konflikti haqqında seminar və sənədli film nümayiş olunub.
Tədbirdə Çexiya Senatının təmsilçiləri, Türkiyə və bəzi MDB ölkələrinin Çexiyadakı səfirliklərinin, diasporların nümayəndələri və çoxsaylı KİV təmsilçiləri qatılıb.
Qeyd edək ki, tədbirin keçirilməsinə qarşı çıxan erməni diasporu və Ermənistanın Vyanadakı səfiri Aşot Ovakimyan tərəfindən Lidiçe rəhbərlərinə ciddi etirazlar edilməsinə baxmayaraq, ermənilər istəklərinə nail ola bilməyiblər. Lidiçe və Xocalı şəhərləri arasında əməkdaşlıq haqqında protokollar uğurla imzalanıb.
Qeyd edək ki, Lidiçe qəsəbəsi 1942-ci ildə alman faşistləri tərəfindən yerlə yeksan edilib, əhalisi terrora məruz qalıb. Azər-Çex Cəmiyyəti 26 fevral 2007-ci ildə Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş, 3 ay davam edən silsilə tədbirlər keçirib.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az