[
23 Sentyabr 2009 12:19 ]
İrəvan-APA. “Erməni xalqının heç bir nümayəndəsinin Türkiyə ilə Ermənistan arasında münasibətləri tənzimləyəcək protokolları imzalamaq haqqı yoxdur”.
APA-nın məlumatına görə, bu bəyanatla Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan çıxış edib. O bildirib ki, ölkəsi ilə Türkiyə arasında normal münasibətlərin qurulmasına tərəfdardır: “Lakin təqdim olunan protokolları bu formada imzalamaq olmaz. Bu sənədlərə imza atmaqla Ermənistan Türkiyənin 1993-cü ildən etibarən irəli sürdüyü bütün şərtləri yerinə yetirmiş olur. Bunlara tarixi erməni torpaqlarını geri qaytarmaq hüququndan və “soyqırım” iddialarındam imtina edilməsi də daxildir. Erməni xalqı anlamalıdır ki, sərhədlər açılsa belə, bu yalnız erməni tərəfinin tarixi, psixoloji və özünüdərk baxımından ciddi güzəştlərə getməsi nəticəsində baş verəcək. Mən heç zaman belə bir sənədi öz xalqımın müzakirəsinə təqdim etməzdim və belə sənədə imza atmazdım. Əmin edirəm ki, bu sənədə imza atacaq şəxsə həsəd aparmıram. Tarix proqnozları sevmir və heç kim gələcəkdə hadisələrin necə inkişaf edəcəyini təxmin edə bilməz”.
Oskanyan Ermənistanın maraqlarına cavab verməyən bu sənədin tələm-tələsik və üçüncü dövlətlərin, o cümlədən ABŞ və digər böyük dövlətlərin təzyiqi ilə hazırlandığını vurğulayıb: “Sərhədlərin açılması Türkiyəyə lazımdır, çünki Avropa və ABŞ bu ölkəyə təzyiq edir. Sərhədlərin açılması Türkiyənin sərhədyanı bölgələrinin inkişafına müsbət təsir göstərəcək”.
Sabiq xarici işlər naziri qeyd olunan protokolların imzalanmasının qarşısını yalnız kütləvi etirazlar və xalqın iradəsi ilə almaq mümkün olduğunu vurğulayıb: “Kütləvi etiraz aksiyaları keçirilməlidir ki, hakimiyyət xalqın 70 faizinin bu imzalanmaya qarşı çıxdığını anlasın. Mən protokolların altı həftə ərzində mütləq imzalanmalı olduğu və bu tarixi dəyişdirməyin mümkünsüzlüyü barədə fikirlərlə razı deyiləm. Prezident siyasi qüvvələrlə məsləhətləşmələrin nəticəsi olaraq sənədləri imzalamaqdan imtina edə və protokollara dəyişikliklərin edilməsi təklifini irəli sürə bilər”.