Bakı-APA. Hollandiyanın Rotterdam şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək. Bu barədə APA-ya “İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadə bildirib. Aksiya fevralın 26-da Rotterdam bələdiyyəsinin önündə baş tutacaq nümayişlə başlayacaq. Bundan sonra 200 nəfəri özündə birləşdirəcək yürüş şəhər mərkəzinə qədər davam edəcək. Növbəti addım kimi Xocalı soyqırımı ilə bağlı daha ətraflı məlumat vermək və Xocalıda ermənilər tərəfindən törədilən bəşəri cinayəti Hollandiya ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədilə beynəlxalq konfrans təşkil olunacaq.
Tədbirlər üçün əvvəlcədən Rotterdam şəhərinin meri və polis şefi ilə danışıqlar aparan Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyəti tədbirin keçirilməsi üçün rəsmi icazə ala bilib. Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyətinin və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dən artıq yerli və xarici vətəndaşların iştirakı gözlənilir. Hollandiyada Xocalı Soyqırımı ilə əlaqədar olan tədbirlərin keçirilməsinə Hollandiya – Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə və “İRƏLİ” İctimai Birliyinin Hollandiyakı təmsilçisi Hafiz Mehdiyev rəhbərlik edir.
Qeyd edək ki, Xocalı soyqırımının anım günü münasibətilə “İrəli” İctimai Birliyinin dəstəyi ilə Avropanın 9 şəhərində aksiyalar və tədbirlər həyata keçirilir. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya, Litva və Estoniyada təşkil olunur. Bununla əlaqədar olaraq “İrəli” İctimai Birliyi hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.